Nikola Tesla: alim, yoxsa sehirbaz?

Nikola Tesla: alim, yoxsa sehirbaz?

2015-04-17 18:26:33 Nikola Tesla: alim, yoxsa sehirbaz?

Ona hörmət edir və sözün əsil mənasında qorxurdular. Buna səbəb dünya şöhrətli alimin ortaya qoyduğu elmi yeniliklər və demək olar ki, hamının maraqlandığı və heç kimin anlaya bilmədiyi kəşflərdir. Söhbət Serbiya əsilli alim Nikola Tesladan gedir. Elektrik enerjisindən, elektromaqnit dalğalarının gücündən məharətlə istifadə edən bu alimin radionun kəşfində, uzaqdan idarə olunan oyuncaqların yaradılmasında, ən əsası isə elektrik mühərriklərinin işlənib hazırlanmasında böyük rolu olub.

XIX – XX əsrlərdə geniş istifadə olunan elektromobillər ictimai marağa səbəb olsa da, onların batareyasını hər axşam doldurmaq tələb olunurdu. Həmin dövrə aid elektromobillərin dolmuş batareya ilə hərəkət diapazonu az, sürəti isə olduqca aşağı idi. Qeyd olunan keyfiyyətlər hətta o dövrün sürücülərinin də ürəyincə deyildi.

 

Hər kəs şokda

1931-ci ildə avtomobil aləmində, xüsusən də elektromobil dünyasında əsaslı yenilik yaşandı. Avtomobildən benzin mühərrikini çıxaran N. Tesla ora özünün hazırladığı yeni elektrik mühərrikini yerləşdirdi. Mühərriki hazırlamaq üçün alim dükandan 12 elektrik lampası aldı. Uzunluğu 60 sm., eni 30 sm., hündürlüyü isə 15 sm. olan və 80 at gücünə malik həmin mühərriki N. Tesla sürücü oturacağının arxasına bərkitdi və mühərrikə qoşdu. “Artıq bizim enerjimiz var” deyən serbiyalı alim sükanın arxasına məhz özü əyləşdi. Ən maraqlısı isə odur ki, avtomobili hərəkətə gətirən həmin mühərrikdə hər hansı batareya və ya akkumulyator yox idi. Belə olan halda elektromobili enerji ilə doldurmaq da lazım deyildi. Bu, elektrik mühərrikli avtomobil aləmində yeni mərhələnin başlanğıcı sayıla bilərdi. Lakin Teslanın mühərriki ilə işləyən nəqliyyat vasitəsi yalnız qeyd olunan keyfiyyətlərlə kifayətlənmirdi. Tesla öz avtomobilində saatda 150 km. sürətlə irəliləyirdi. Hər kəs şokda idi.

 

Tarixin açılmayan sirri

Hamını, xüsusən də alimləri bir sual düşündürürdü: “Elektromobil enerjini hardan götürür?”. Teslanın cavabı isə belə idi: “Bizi əhatə edən mühitdən və ətraf enerjidən”. Bu fikirlər ictimai marağı daha da artırmaqla yanaşı, insanlar arasında əsassız söz-söhbətlərin yaranmasına səbəb oldu. Yerli mətbu orqanlar elektrotexnikin hətta dəli olduğunu və cadugər kimi qara qüvvələrlə əməkdaşlıq etdiyini yazdılar. Tesla çox əsəbiləşdi. Düzəltdiyi mühərriki avtomobildən çıxaran alim onu laboratoriyaya apardı və bu qeyri-adi, yeni texnologiyanın sirri barədə heç kimə bir kəlmə də demədi. Beləcə, sirli mühərrik tarixdə sirr olaraq qaldı.      



YENİLİKLƏRDƏN XƏBƏR AL