Elektromobil dünyasına tarixi səyahət

Elektromobil dünyasına tarixi səyahət

2015-04-17 18:24:04 Elektromobil dünyasına tarixi səyahət

Elektromobil - bir və ya bir neçə elektrik mühərrikinin köməyi ilə hərəkət edən avtomobildir. Bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil atmosferə ziyan vurmadan fəaliyyət göstərir. 

Avtomobil sənayesinin inkişaf tarixinə nəzər salsaq görərik ki, bütün dünya bir zamanlar geniş istifadə olunan, lakin zaman keçdikcə unudulan tarixi ənənəyə qayıdır. Hələ yanacaqla çalışan nəqliyyat vasitələrindən əvvəl elektromobillər mövcud olub. İlk elektromühərrikli avtomobilin kim tərəfindən və hansı ölkədə ixtira olunduğu isə tarixi mənbələrdə müxtəlif cür göstərilir. Lakin elmə bir fakt aydın şəkildə məlumdur - elektromobillərin kəşf olunmasına dünya şöhrətli alim Faradeyin nəzəri cəhətdən hazırladığı elektromaqnit induksiyası böyük təkan verdi. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni təcrübi olaraq həyata keçirməklə elektrik mühərrikli avtomobillərin ixtirasına nail oldular.

XIX əsrin 30-40-cı illərində dünya əyani şəkildə ən azı üç elektromobilin şahidi oldu. Həmin nəqliyyat vasitələrini geniş ictimaiyyətə şotlandiyalı Robert Anderson və amerikalı Tomas Devenport təqdim etdi. Həmin avtomobillər böyük həcmə malik olsalar da, olduqca aşağı sürətlə (saatda 4 km.) hərəkət edirdilər. Lakin zaman-zaman alimlər bu sahədə daha böyük və uğurlu işlər ortaya qoydular. XIX əsrin sonu, XX əsrin əvvəllərini elektromobillərin həyatında “qızıl dövr” kimi xarakterizə etmək olar. Bu illər ərzində istehsal olunan elektromobillər saatda 30 km. sürətlə hərəkət etmək imkanına malik idi. Həmin nəqliyyat vasitələrini istənilən fəsildə rahat işə salmaq və yalnız bir dəfə enerji yığmaqla gün ərzində sürmək olurdu. Elektromobillər o dərəcədə rahat idarə olunurdu ki, ondan xanımlar, hətta yaşlı insanlar belə rahat şəkildə yararlana bilirdi.     

Elektromobil tarixində 1895-ci il də əlamətdar hadisə kimi yadda qalıb. Həmin il fransalı mühəndis Şarl Janto özünün elektrik avtomobili ilə tarixdə ilk rəsmi yürüşü həyata keçirdi. Onun elektromobili saatda 63 km. sürətlə hərəkət edərək yeni rekorda imza atdı. Həmin rekordu 4 il sonra, 1899-cu ildə belçikalı alim Kamil Jenatsi özünün “Jamais Contente” (Hər zaman narazı) adlı elektromobili ilə yenilədi. Onun maşını saatda 105 km. sürətlə hərəkət etməyi bacardı.

Maraqlıdır ki, sürətlə inkişaf edən və gələcəyinə böyük ümidlər bəslənilən elektromobil dünyası birdən – birə, daha dəqiq desək, XX əsrin ortalarından başlayaraq sükuta qərq oldu və bu texnologiya demək olar ki, unuduldu. Bunu isə tədqiqatçılar bir neçə səbəblə izah edirlər. Ən böyük səbəbsə əlbəttə ki, zəngin neft yataqlarının üzə çıxması və dünyanın bir sıra iri ölkələrinin neftə olan marağının artması idi. Məhz bunu nəzərə alan avtomobil istehsalçıları da artıq elektrik deyil, yanacaqla hərəkət edən və daha böyük sürətə, uzun məsafə qət etmək bacarığına malik, həmçinin manevr imkanları ilə seçilən nəqliyyat vasitələrinə üstünlük verdilər. Nəticədə, elektromobillərin istehsalı sürətlə azalmağa doğru getdi. Məsələn, 1920-ci ildə dünyada elektrik mühərriki ilə işləyən avtomobillərin sayı cəmi 1%, 1930-cu ildə isə qeyd olunan rəqəmdən də az idi.    

          Yalnız 1980-ci ilin sonunda dünya yenidən demək olar ki, unudulmuş elektromobilləri xatırlamaq məcburiyyətində qaldı. Belə ki, atmosfer qatının həddən artıq çirklənməsi, təbiət hadisələrinin çoxalması, cəmiyyətin təmiz hava,su, qida çatışmazlığı ilə üzləşməsi, həmçinin təbii neft yataqlarının tədricən azalması diqqəti yenidən elektrik mühərriki ilə çalışan nəqliyyat vasitələrinə yönəltdi.

Müasir dövrdə elektromobillərin bir – birindən maraqlı və zəngin texniki imkanlara malik növləri var. Ekoloji baxımdan təmizliyi ilə seçilən bu nəqliyyat vasitələrindən əsasən ictimai nəqliyyatda geniş istifadə olunur. Elektromobillərin daha geniş yayıldığı ölkə isə ABŞ-dır. Amerikanın 1996-cı ildən 2003-cü ilədək istehsal etdiyi GM EV1 modeli isə bir çox keyfiyyətlərinə görə avtomobil həvəskarlarının rəğbətini qazanıb.  



YENİLİKLƏRDƏN XƏBƏR AL