Elektromobil - dünya dövlətlərinin bu günkü və gələcək seçimi

Elektromobil - dünya dövlətlərinin bu günkü və gələcək seçimi

2015-04-17 17:49:22 Elektromobil - dünya dövlətlərinin bu günkü və gələcək seçimi

Müasir dövrdə dünya dövlətləri sağlam cəmiyyət və həmin cəmiyyətin formalaşması üçün mühüm önəm kəsb edən təmiz su, qida, hava və zəngin təbiət uğrunda mübarizə aparır. Belə olan halda ölkələr öz ərazisində qeyd olunan sərvətlərə ziyan vuran, xüsusən də ətraf atmosferin zəhərlənməsinə səbəb olan bütün vasitələrdən, hətta böyük gəlirlər gətirən zavodlardan, kimyəvi layihələrdən imtina etmək məcburiyyətində qalır. Bu baxımdan haqqında danışılan və beynəlxalq münasibətlər sistemində geniş müzakirəyə səbəb olan məsələlərdən biri də avtomobil dünyasını tənzimləmək, ekologiyaya daha az ziyan vuran nəqliyyat vasitələrindən yararlanmaqdır. Aparılan araşdırmalar göstərir ki, inkişaf edən ölkələr qeyd olunan problemin həlli istiqamətində ortaq məxrəcə gəliblər – elektromobillərdən mümkün qədər çox və səmərəli yararlanmaq.         

 

Almaniya – 2011-ci ildə bu ölkədə sənayenin inkişafı və elektromobillərin istismarı proqramı qəbul olundu. Proqramın məqsədi respublikada elektrik mühərriki ilə çalışan nəqliyyat vasitələrinin sayını 2020-ci ilədək 1 mln.a, 2030-cu ilədəksə 6 mln.a dək artırmaq idi. Bundan əlavə, ölkə vətəndaşları arasında elektomobillərə olan tələbatı daha da çoxaltmaq üçün yerli hökumət proqramda bir neçə stimullaşdırıcı təkliflər irəli sürdü. Həmin təkliflərdən biri də ondan ibarət idi ki, elektromobil alan sürücü 10 il ərzində nəqliyyat vasitəsinə görə nəzərdə tutulmuş vergilərdən azad olunurdu. Bundan əlavə, Almaniyada elektromobillər üçün xüsusi parketmə yerlərinin və onların sərbəst hərəkəti üçün ayrıca zolağın ayrılması da nəzərdə tutuldu. Elektrik mühərrikli maşınların daha keyfiyyətli və uzunömürlü batareyalarla təmin olunması məqsədilə yerli hökumət 2013-cü ildə 1 mlrd. avro məbləğində vəsait də ayırdı. Gələcəkdə isə ölkə ərazisində elektromobilləri enerji ilə təmin edəcək 7 min məntəqənin fəaliyyət göstərəcəyi planlaşdırılır. 

 

Fransa – elektromobillərə üstünlük verən və daxildə bu avtomobillərin sayının ildən –ilə daha da artmasına çalışan əsas ölkələrdən sayılır. 2012-ci ilədək elektromobillərin sayını 100 minə çatdırmağı planlaşdıran Fransa demək olar ki, bu məqsədə nail oldu. Qarşıdakı hədəf daha böyükdür.  

         

İrlandiya – Bu ölkənin əsas hədəflərindən biri 2020-ci ilədək ictimai nəqliyyatın 10%-nin məhz elektromobillərdən ibarət olmasına nail olmaqdır.

         

Yaponiya – Elmi və texniki yeniliklərlə daim öndə olan ölkələrdən biri də məhz Yaponiyadır. Gündoğar ölkə nümayandələri elektromobillərdən istifadəyə böyük önəm verir. Təsadüfi deyil ki, Yaponiya 2006-cı ilin avqust ayında elektromobillərin və akkumulyatorların istehsalını genişləndirmək planını hazırlayıb, təsdiq etdi. Bu ölkədə daha çox iki nəfərlik elektromobillərdən istifadə olunur. Onlar həm parketmə, həm tez bir zamanda sürət yığma, həm də tam enerji ilə bir dəfəyə uzun məsafə qət etmə bacarığına görə (80 km.) fərqlənirlər.

 

Çin – ölkə elektromobillərin istifadəsi ilə bağlı 2012-2016-cı illəri əhatə edən 12 illik fəaliyyət planı hazırlayıb. Həmin plana aşağıdakı prinsiplər daxildir:

 

- Elektromobillər üçün nəzərdə tutulmuş akkumulyatorların satış qiymətini 50%-dək azaltmaq

- 2015-ci ildə elektromobillərin sayını 1 mln.a çatdırmaq

- Akkumulyatorların gücünü və keyfiyyətini daha da artırmaq

- Elektromobillər üçün standartlar hazırlamaq    

 

Hindistan – ölkə National Electric Mobility Mission Plan 2020 (NEMMP 2020) adlı layihəyə əsasən qeyd olunan sahədə əməli addımlar atır. Həmin layihənin əsas məqsədi 2020-ci ilədək elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinin sayını 7 mln.a çatdırmaqdır. 

          



YENİLİKLƏRDƏN XƏBƏR AL