Mənim avtomobilim məni öldürür?!

Mənim avtomobilim məni öldürür?!

2015-04-17 18:01:54 Mənim avtomobilim məni öldürür?!

Müasir dövrdə avtomobil yalnız nəqliyyat vasitəsi deyil, həm də cəmiyyətlə sıx təmasda olan, ətraf aləmdə baş verən ekoloji, təbii, hətta sosial dəyişiklərlə bilavasitə zəmin yaradan texniki qurğudur. Zaman-zaman insanların həyatına sürətlə daxil olan bu “dəmir at” ictimai həyatda rahatlıq yaratmaqla yanaşı, kifayət qədər böyük problemlərə də təkan verir. Avtomobilin vurduğu ən böyk ziyan isə əlbəttə ki, ekologiya ilə bağlıdır. Alimlərin fikrincə, nəqliyyat vasitələrinin gün ərzində buraxdığı zəhərli qazlar təbiətə və insanlara mənfi təsir göstərir, müasir dövrdə bir çox halda tibbin belə aciz qaldığı xəstəliklərə səbəb olur. Hava yolu ilə insan bədəninə daxil olan və özlüyündə 200-dən çox zəhərli komponenti birləşdirən həmin qazlar daha çox qanda kislorodun azalmasına, nəticədə isə orqanizmdə hava çatışmazlığına, xüsusən ağ ciyər, xərçəng və astma xəstəliklərinə zəmin yaradır. Statistikaya əsasən, hazırda dünyada orta hesabla 800 mln. avtomobil var ki, onlardan da 83-85%-i minik avtomobili, 15-17%-i yük avtomobili və ictimai nəqliyyat vasitəsi olan avtobusdur. Mütəxəssislərin sözlərinə görə, bir avtomobil il ərzində atmosferdəki 4 tondan çox kislorodu məhv edir. Əvəzindəsə havaya təxminən 800 kq. karbon və kükürd qazı, 40 kq. azot oksidi, həmçinin 200 kq.a qədər müxtəlif tərkibli maddələr buraxır ki, həmin maddələrin də sayı 60-dan çoxdur. Bütün bunlar isə öldürücü təsir göstərən “fotokimyəvi duman” və ya “smoq” adlanan qarışıq əmələ gətirir. Qeyd olunan rəqəmləri 800 mln.a vursaq mövcud təhlükənin necə böyük və zərərli olduğunu təxmin etmək elə də çətin deyil. Əlbəttə, elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrümüzdə havanı yalnız nəqliyyat vasitələrinin zəhərlədiyini düşünmək düzgün olmazdı. Lakin o da etiraf olunmalıdır ki, atmosferi çirkləndirən qazların 68-80%-ni məhz avtomobillərin buraxdığı qazlar təşkil edir. Başqa sözlə desək, nəqliyyat vasitəsi 100 km. yol getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir. 



YENİLİKLƏRDƏN XƏBƏR AL