"Detroit Electric SP:01" Azərbaycanda

"Detroit Electric SP:01" Azərbaycanda

2015-06-18 11:22:57

“GreenCar” MMC  İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə yönələn təqdimat edib.

 

İyunun 17-də “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində “Azərbaycan evi”ndə “GreenCar” və IDEA İctimai Birliyinin dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.

 

Tədbirdə əvvəlcə birinci Avropa Oyunlarında uğur qazanmış idmançılar səhnəyə dəvət olunublar. İdmançılar onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Əldə etdikləri qələbələri isə bütün Azərbaycan xalqına həsr etdiklərini deyiblər.

 

Sonra çıxış edən IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti hesab olunur. Bu məsələ bir çox sənədlərdə, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, “Ətraf mühitin mühafizəsi  haqqında” qanunda, Prezident ilham Əliyevin müvafiq sərəncamlarında öz əksini tapıb.

 

Qeyd edilib ki, IDEA İctimai Birliyinin bu sahədəki fəaliyyətinin əsas tərkib hissəsini ölkəmizdə “davamlı nəqliyyat” konsepsiyasının tətbiqi təşkil edir. “Davamlı nəqliyyat” və ya “yaşıl nəqliyyat” anlayışları bərpa olunan enerji mənbələri və yaxud da insan gücü ilə çalışan nəqliyyat vasitələrini ehtiva edir. Fərid Cəfərov vurğulayıb ki, IDEA İctimai Birliyi ölkəmizdə davamlı nəqliyyat sektorunun təşviqi istiqamətində səylərini artırıb. Məhz IDEA İctimai Birliyinin və  Azərbaycan Avtomobil Federasiyasının  birgə dəstəyi ilə ölkəmizdə “GreenCar” adlı ilk elektrik nəqliyyat vasitələrinin satış və seviş mərkəzi açılıb.

 

Azərişıq ASC-nin sədr müavini Sadıq Sadıqov  ölkəmizdə ekoloji tarazlığın  qorunması, elektroenergetika infrastrukturunda təhlükəsizliyin təmin olunması, ətraf mühitə zərər vurulmasının qarşısının alınması işinin təmsil etdiyi qurumun fəaliyyətinin prioritet istiqaməti olduğunu deyib. “Azərişıq” ASC-nin hər zaman IDEA İctimai Birliyinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verdiyini vurğulayıb.

 

DETROİT şirkətinin Avropa və Orta şərq üzrə korporativ satış müdiri Niltje Byujs Azərbaycanda belə bir önəmli vaxtda- birinci Avropa Oyunlarının keçirildiyi bir zamanda olmaqdan məmnunluğunu bildirib. Bakının gözəl, ecazkar bir şəhər olduğunu söyləyib. O, həmçinin təmsil etdiyi qurumun fəaliyyəti, IDEA İctimai Birliyi və “GreenCar” şirkəti ilə tərəfdaşlığı barədə ətraflı məlumat verib.

 

“GreenCar” MMC-nin nümayəndəsi Orxan Həbibov Detroit Electric SP:01 idman avtomobili haqqında danışıb.

Məlumat verilib ki, Azərbaycanda “CreenCar” şirkətinin distribüterliyi ilə təqdim olunan Detroit Electric SP:01 avtomobilinin Bakıdan sonra Avropanın müxtəlif şəhərlərində təqdimatı keçiriləcək. “Detroit Electric SP:01” ilk seriya ilə istehsal edilən tam elektrikli idman avtomobilidir.  “SP:01”  avtomobili  100 km/saat sürətə cəmi 3.7 saniyədə çatır və onun maksimal sürəti 250 km/saatdır. 2 yerlik, kabriolet tipli “Detroit Electric SP:01” idman avtomobili zəngin təchizatı və geniş imkanları ilə seçilir. Qeyd edilib ki, 1907-cı ildə yaradılan “Detroit Electric” ilk elektrikli avtomobil istehsal edən şirkətdir. 2008-ci ildə “Detroit Elecric”in qurucusu Albert Lam şirkətdə yeni nəfəs yaradaraq bu markanı bərpa edib və 5 ildən sonra “SP:01: avtomobilinin istehsalına başlayıb.

Sonra  Detroit Electric SP:01 idman avtomobili təqdim olunub.

Tədbir konsert proqramı ilə və viktorina ilə davam etdirilib. Viktorinada qalib gələnlərə “GreenCar”dan hədiyyələr təqdim olunub. 

 

 

 



YENİLİKLƏRDƏN XƏBƏR AL